BMT TŞ “Taliban”ı qadınların universitetlərdə oxumasına icazə verməyə çağırdı
BMT Təhlükəsizlik Şurası “Taliban”ın Əfqanıstandakı universitetlərdə qız tələbələrin təhsil almasını dayandırmasından narahatdır və bu siyasətə son qoymağa çağırır.
Demedia.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Təhlükəsizlik Şurasının bəyanatında deyilib.
“Təhlükəsizlik Şurası “Taliban”ın qadın və qızların universitetlərə qəbulunu müvəqqəti dayandırması ilə bağlı xəbərlərdən dərin təşvişə düşüb, altıncı sinifdən sonra məktəblərin bağlanmasından dərin narahatlığını bir daha bəyan edib, həmçinin qadınlar və qızların Əfqanıstanın həyatında tam bərabər iştirakına çağırıb”, - sənəddə qeyd olunub.
BMT Təhlükəsizlik Şurası “Taliban”ı məktəbləri yenidən açmağa və insan hüquqlarına və əsas azadlıqlara hörmətin artan aşınmasının təcəssümü olan bu siyasət və təcrübələrdən tez bir zamanda əl çəkməyə çağırıb.
Xatırladaq ki, daha öncə Əfqanıstan mətbuatı Ali Təhsil Nazirliyinin ölkədə özəl və dövlət universitetlərində qız tələbələrin təhsilini dayandırmaq əmri verdiyini yazıb. Əfqanıstanın ali təhsil naziri qızların dünyəvi universitetlərdə təhsil almasının islam qanunlarını pozduğunu və bu dinin ənənələrinə zidd olduğunu bildirib. / Report