BMT baş katibi Qara dəniz üzrə taxıl təşəbbüsünə yeni koordinator təyin etdi
BMT-nin baş katibi Antoniu Quterreş Abdulla Abdul Səməd Dəşti Qara dəniz üzrə taxıl təşəbbüsünün yeni koordinatoru təyin edib.
Demedia.az "İnterfaks"a istinadən xəbər verir ki, bu barədə çərşənbə günü qurumun saytında məlumat verilib.
“BMT-nin baş katibi Antoniu Quterreş bu gün Küveytdən Abdulla Abdul Səməd Dəştinin BMT-nin Qara Dəniz Taxıl Təşəbbüsü üzrə koordinatoru təyin edildiyini açıqlayıb”, - məlumatda bildirilir.
2022-ci ilin avqustundan bu vəzifəni sudanlı Əmir Mahmud Abdulla tuturdu. Quterreş ona liderliyinə, işinə və təşəbbüsə sadiqliyinə görə təşəkkür edib.
Qeyd edək ki, iyulun 22-də İstanbulda BMT, Rusiya, Türkiyə və Ukraynanın iştirakı ilə Ukrayna ərazisindəki üç limandan - Çernomorsk, Odessa və Yujnı limanlarından taxıl ixracı üçün dəhlizin yaradılmasına dair sənədlər imzalanıb.