İran istehsalı olan 11 PUA vuruldu - Ukrayna Baş Qərargahı



 12:19 29.12.2022     443

“Rusiya Silahlı Qüvvələri son sutka ərzində İran istehsalı olan 13 “Şahed-136” pilotsuz uçuş aparatları (PUA) vasitəsilə Xarkov şəhərinin enerji infrastrukturuna zərbə endirib. Həmin PUA-lardan 11-i məhv edilib”.

Demedia.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb.

Bildirilib ki, Donetsk vilayəti və Xarkov şəhərinin mülki infrastrukturuna 30 aviazərbə və 7 raket zərbəsi endirilib: “Düşmən Baxmut və Avdiivka istiqamətlərində hücum əməliyyatlarını davam etdirir. Baxmut istiqamətində düşmən tank, minaatan, lüləli və raket artilleriyasından 25-dən çox yaşayış məntəqəsini atəşə tutub. Zaporojye və Xerson rayonlarında 25-dən çox yaşayış məntəqəsi atəşə tutulub. Dinc sakinlər arasında itkilər var”.

Məlumata görə, son sutkada Rusiya ordusunun təxminən 230 hərbçisi yaralanıb: “Ölənlərin sayı isə dəqiqləşdirilir. Ötən sutka ərzində aviasiyamız düşmənin cəmləşdiyi ərazilərə 17, zenit-raket komplekslərinin mövqelərinə isə 4 zərbə endirib. Ukrayna Müdafiə Qüvvələrinin raket qoşunları və artilleriya bölmələri 5 idarəetmə məntəqəsini, canlı qüvvənin cəmləşdiyi 3 ərazini və işğalçıların silah-sursat anbarını vurub”.

Ukraynanın qərb hissəsi istisina olmaqla bütün bölgələrində hava həyəcanı siqnalı elan olunub.

UNIAN agentliyi bildirib ki, Rusiya Qara dənizə iki raketdaşıyıcısını döyüş xisdmətinə çıxarıb. 16 “Kalibr” raketi buraxılmaq üçün hazırlıq vəziyyətindədir. Məlumata görə, Rusiya Ukraynaya 20 raket zərbəsi endirməyə hazırlaşır.

Xatırladaq ki, Rusiya ilə Ukrayna arasında savaş bu il fevralın 24-də başlayıb.