Üçtərəfli müzakirələrin davamı üçün razılığa gəldik - Akar
“Rusiya və suriyalı həmkarlarımla üçtərəfli görüşdə Suriya və regiondakı durumun ən qısa müddətdə müsbət istiqamətdə inkişaf etməsi, sülhün, sabitliyin təmin olunması üçün hansı addımların atılmasının lazım olduğunu müzakirə etdik”.
Demedia.az xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar deyib.
O bildirib ki, Rusiyanın paytaxtı Moskvada keçirilən görüşdə məsələ ilə bağlı Türkiyənin mövqeyi ortaya qoyulub.
H.Akarın sözlərinə görə, iclasda müzakirə edilən ən əsas məsələlərdən biri terrorla mübarizə olub: "Başda Suriya və İraq olmaqla bütün qonşularımızın ərazi bütövlüyünə, suverenliyinə hörmət etdiyimizi, yeganə məqsədimizin terrorla mübarizə olduğunu və başqa bir məqsədimizin olmadığını bildirdik. Suriya üçün təhdid olan PKK/YPG və İŞİD kimi terror təşkilatlarına qarşı mübarizəmizi davam etdirəcəyimizi ifadə etdik. Ölkəmizin, millətimizin və sərhədlərimizin təhlükəsizliyi üçün səy göstərdiyimizi söylədik".
Türkiyənin milli müdafiə naziri həmçinin deyib ki, qarşıdakı günlərdə həyata keçiriləcək addımlar regionda, Suriyada sülhün və sabitliyin təmin olunmasına ciddi töhfə verə bilər: "Üçtərəfli müzakirələrin davam etməsi ilə bağlı razılığa gəldik. Arzumuz ən qısa müddətdə regionda sülhün və sabitliyin təmin olunmasıdır. Bunun üçün bu günə qədər elədiyimiz kimi bundan sonra da öhdəliyimizə düşəni yerinə yetirəcəyik".
Qeyd edək ki, ötən gün Türkiyənin milli müdafiə naziri, ordu generalı Hulusi Akar və Milli Kəşfiyyat İdarəsinin rəisi Hakan Fidan Rusiyanın paytaxtı Moskvada səfərdə olub. Həmin gün H.Akar, H.Fidan, Rusiyanın müdafiə naziri, ordu generalı Sergey Şoyqu və Suriyanın müdafiə naziri Əli Abdullah Əyyub arasında üçtərəfli görüş keçirilib.